İki od arasında
Yusif Vəzir Çəmənzəminlinin 1937-ci il aprel ayında tamamladığı və ilk dəfə 1964-cü ildə "Qan içində" adı ilə çap olunan "İki od arasında" romanıdır.
Romanında məşhur şair Molla Pənah Vaqifin həyatından və onun Qarabağ xanlığında vəzir olduğu zaman Azərbaycanın siyasi həyatında baş verən hadisələrdən bəhs edilir.
Qarabağ, onun timsalında bütöv Vətən, doğma diyarın azadlığı böyük Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığından qırmızı xətlə keçir. Ədibin 1937-ci ildə qələmə aldığı və ilk dəfə 1964-cü ildə "Qan içində" adı ilə işıq üzü görən "İki od arasında" romanı da məhz bu mövzudadır. Vətəni dərin məhəbbətlə sevən Y. V. Çəmənzəminli Qarabağ xanlığının tarixindən bəhs edən əsərini təsadüfən "iki od arasında" adlandırmamışdır, Bununla o, xalqının iki böyük qonşu dövlətin — Rusiya ilə İranın məngənəsində qaldığına, bundan ciddi ziyan çəkdiyinə işarə etmişdir.
Romanın əsas qəhrəmanlanndan biri böyük söz ustadı M. P. Vaqifdir. Lakin müəllif M. P. Vaqifi yalnız gözəllikdən ilham alan şair kimi səciyyələndirməmiş, həm də onun eşikağası vəzifəsində xanlıqda mühüm mövqe tutan mahir bir siyasətçi, diplomat obrazını yaratmışdır.
M. P. Vaqifin şair təbiəti ilə eşikağası vəzifəsində fəaliyyəti bir-birini tamamlayır. O, şeir, sənət adamı kimi nə qədər xəlqidirsə, gözəlliyə, xeyirxahlığa nə qədər həssasdırsa, xanlıqdakı vəzifəsində də bir o qədər məsuliyyətli, tədbirli və təəssübkeşdir. Hətta o, bəzən diplomat kimi fəaliyyətində də şairliyindən bəhrələnir və bu ona təkcə Qarabağ xanlığında deyil, qonşu əyalətlərdə də böyük hörmət qazandınr.